Azərbaycanda narçılığın inkişafı. "Sahibkar saatı" verilişi, 3-cü buraxılış
10 / 07 / 2018 05:41:52
Oxunma : 2854

"Sahibkar saatı" verilişi, 3-cü buraxılış.
"Sosial - İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Sahibkarlıq sahəsində aparılan islahatlara ictimai dəstək verilməsi” layihəsi çərçivəsində " Sahibkar saatı" verlişinin 3-cü buraxılışı hazırlanmışdır. Layihənin rəhbəri QHT sədri Rahilə Mehtiyevadır.

Nar bitkisi tarixən Azərbaycanın bütün regionlarında yetişdirilsə də, emal zamanı onun hansı rayonda becərilməsi xüsusi nəzərə alınır. Əgər quru subtropik zonada yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirilməsi üçün əlverişlidirsə, şirə çeşidlərinin istehsalı zamanı əsas etibarı ilə Göyçayda yetişən narlardan istifadə olunur. Göyçay narının əla dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimin mövcudluğu və rayonun torpaq tərkibidir. Azərbaycan narlarının təbii şirələrinin unikal dadını və çox qiymətli təbii xüsusiyyətlərini, daxili keyfiyyətlərini müasir texnologiyaların köməyi ilə qorumaqla son istehlakçıya qayğı ilə toxunulmamış çatdırılmasına nail olmaq vacibdir.
Respublikamızda əkilən ən yaxşı standart növlər Şəlli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq və Qırmızı vələsdir. Əlverişsiz havalar və pis aqrotexniki qulluq göstərəndə vegetativ çoxalma baş verir, nəticədə az məhsuldar meyvələr formalaşır. Belə vəziyyətdə az məhsuldar meyvələrin çıxdaş edilməsi məsləhət görülür. Aqrar mütəxəssis fermerlərə məsləhət görür ki, məhsul növlərinə uygun tədricən yığılmalıdır, yığılarkən, meyvəni ağacdan qoparmaq yox, xüsusi qayçılar vasitəsilə saplağından bir neçə santimetr hündürlükdə kəsmək lazımdır. 
Nar respublikamızın kənd təsərrüfatında istehsal olunan məhsullar arasında ən perspektivli ixrac potensialına malik məhsuldur. Nar və ondan hazırlanmış məhsulların ilin bütün fəsillərində istənilən xarici bazarda real alıcısı var. Odur ki, bir neçə ildir respublikamızdakı nar emalı müəssisələri və bu işlə məşğul olan sahibkarların məlumatlandırılması, onların xarici bazarlara çıxış imkanlarının artırılması, eləcə də nar məhsullarının istehsalında və ixracında beynəlxalq tələblər və standartlar mövzusunda dəsdəklənməsi siyasəti aparılır. Son illərin məlumatına görə, Azərbaycanda nar məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlıq subyeklərinin sayı artmaqdadır. 
rtıq nar və nar məhsullarının  yetişdirilməsi, toplanması, saxlanması, emalı, qablaşdırılması, etiketlənməsi və ixracı prosesləri Avropa İttifaqının müvafiq tələbləri və standartları ilə tənzimlənir. Narçılıqla məşğul olan sahibkarların diqqətinə çatdıraq ki, hazırda xarici bazarlarda Türkiyə, İran, Türkmənistan və Cənub-Şərqi Asiya ölkələrində yetişdirilən nar məhsulları da ciddi mövqe qazana bilib. Malayziya yarımadasında, Şərqi Hindistan adalarında, Aralıq dənizi hövzəsində, Cənubi Avropada və tropik Afrikada geniş miqyasda yetişdirilən narlar da bazarda rəqabətə tab gətirə bilir. 

Odur ki, Azərbaycan narını dünya bazarlarına çıxarmaq istəyənlər onun aqrotexnikasından tutmuş emal texnologiyasına qədər olan bütün tələblərə ciddi fikir verməlidirlər. Hazırda yerli və xarici bazarlarda rəğbətlə qarşılanan Azərbaycan narları Qırmızı və Çəhrayı Gülöyşə, Qırmızıqabıq, Nazikqabıq, Şahnar, Qırmızı Mələz, Qəyum-nar növləridir. Bu növlər ekoloji baxımdan daha təmiz iqlimdə yetişdirilməsi və üzvi gübrələrdən istifadə olunmamasına görə digər ölkələrin məhsullarından fərqlənir.

Hazırda Azərbaycan narları yerli və xarici bazarlara həm təzə meyvə şəklində, həm də emal olunmuş şəkildə təqdim olunur. Narın emalı nəticəsində əldə olunmuş məhsullara şirə, sous, konsentrat məhsulları daxildir. Bu məhsullar arasında narşərab adlanan sous daha məşhurdur. Bu məhsul balıq yeməkləri və kabab çeşidləri olan süfrələrdə çox istifadə olunur. Sovet dövründən mövcud olmuş ənənəyə əsasən, təzə nar, nar şirəsi, narşərab kimi məhsulların əsas bazarları Rusiya, Ukrayna, Baltikyanı ölkələr və Avropa ölkələridir.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə