QHT koalisiyası Masallıya səfər edib
20 / 10 / 2018 12:17:45
Oxunma : 2434

Vərəm əleyhinə Koalisiya üzvləri Masallı rayonuna səfər ediblər. Koalisiya üzvləri Əvvəlcə  rayonun Ağciyər xəstəlikləri xəstəxanasına baş çəkərək burada müalicə alan xəstələrin ümumi vəziyyəti ilə tanış olub, onlara sovqat paylayıblar.

Daha sonra Koalisiya üzvləri Masallı şəhər Gənclər Mərkəzində rayon icra hakimiyyəti nümayəndələrinin, tibb, təhsil, media işçiləri və tələbələrin iştirakı ilə vərəmlə bağlı maarifləndirici elmi-praktiki konfrans keçiriblər.
Tədbiri giriş sözləri ilə açan Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova qonaqları salamlayaraq 
QHT koalisiyası üzvlərinin vacib missiyasının alqışlandığını və gərəkli məəslənin həlli üçün hamının həmrəy olmağının vacibliyini  bildirib.O qeyd edib ki, tədbirin əsas təşkilatçısı  “Sağlamlığa Xidmət” İB-lə uzun müddətdir əməkdaşlıq aparılır, koalisiyanın effektiv fəaliyyəti göz qabağındadır.

Çıxış edən Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov Koalisiya üzvlərinə layihənin icrasında uğurlar arzulayıb.

“Sağlamlığa Xidmət” İctimai birliyinin sədr müavini Pərvanə Vəliyeva tədbirin məqsədi və Koalisiyanın vərəmlə mübarizə tədbirləri haqqında təqdimatla çıxış edib. Qeyd olunub ki, vərəmlə mübarizə koalisiyası bir neçə təşkilat üzvərini özündə birləşdirir, birgə iş sayəsində xeyli işlər görülüb, az əvvəl Xaçmaz, Şəmkirə səfərlər olunub, maarifləndirmə kampaniyası aparılıb.

Koalisiya sədri Elçin Muxtarlı vərəm xəstəliyi və dünyada bu xəstəliklə bağlı Ümumdünya Səhiyyə təşkilatının yaydığı faktlar barədə məlumat verib. Azərbaycanın da dərmana davamlı xəstələrinin sayına vəziyyətinə görə dünya ölkələri arasında qabaq sıralarda yer aldığını vurğulayıb.
Masallı Rayon Ağciyər Xəstəlikləri Xəstəxanasının baş həkimi Mirrəhim Nəbiyev rayonda vərəmlə bağlı hazırki vəziyyət barədə statistik məlumatlara əsaslanan çıxış edib və tədbir iştirakçılarının bu barədə suallarını cavablandırıb.

Həkim-koordinator Samirə Məmmədova xəstəlik, onun yayılma yolları, profilaktikası və müalicəsi haqqında tədbir iştirakçılarına ətraflı informasiyalar verib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova vərəmlə bağlı stiqmanın xəstəliklə mübarizədə maneə yaratdığından və Azərbaycan QAC və Beynəlxalq Qızıl Xaç komitələrinin vərəmlə mübarizə sahəsində gördüyü işlərdən danışıb.

“Həyat Humanitar Dəstək” İB-nin koordinatoru, sosioloq  Zəminə Səfərova bildirib ki, biz vərəmə yalnız insanların sosial-iqtisadi həyat şəraitlərini yaxşılaşdırmaqla qalib gələ bilərik. Vərəm təkcə tibbi deyil, həm də sosial problemdir. Xəstələrin müalicə müddəti ərzində dövlət tərəfindən hər hansı sosial müavinətlə təmin olunması yüksək sağalma nəticələrinə nail olmağa təkan verə bilər. 

Azərbaycan QAC-nin layihə koordinatoru Sona Hacıyeva vərəmli xəstələrə yönəli ayrıseçkiliyin aradan qaldırılmasının vacibliyini gündəmə gətirib.
Çingiz Ramazanlı çıxışında koordinatoru olduğu mülki sektorda keçmiş vərəmli məhkumların izlənilməsi və müalicəsi proqramından, cəzaçəkmə müəssisələrində azadlığa çıxmış xəstələrin dərmanla təminatı, psixoloji dəstəyin göstərilməsi və onların yenidən cəmiyyətə normal insan kimi qaytarılmasından danışıb.
“Vərəmsiz gələcəyə doğru” İB-nin üzvü Amal Allahverdiyev vərəmli xəstələrə qarşı münasibətin dəyişməsinin, stiqma və strerotiplərin qırılmasının vacibliyindən bəhs edib.

Masallı RTŞ-nin əməkdaşı Əyyar Burhanov rayonun təhsil ocaqlarında infeksion xəstəliklərlə mübarizə mövzusunda keçirilən maarifləndirici tədbirlər barədə məlumat verib, region gənclərinin, könüllülərin bu təbliğat kampaniyalarında aktiv iştirakını diqqətə çatdırıb.

Daha sonra Vərəmlə mübarizə üzrə Avropa Koalisiyasının maliyyə dəstəyilə ərsəyə gətirilmiş maarifləndirici sosial bədii film nümayiş olunub, müzakirələrdən doğan suallar QHT koalisiyası nümayəndələri və həkimlər tərəfindən ətraflı cavablandırılıb.

Sonda tədbirin ərsəyə gəlməsində, vərəmlə mübarizədə vətəndaş cəmiyyətində göstərdiyi dəstəyə görə RİHB-nın nümayəndəsi, vərəm dispanserinin baş həkimi, həkimlər Əzizulla Əliyev, Zəkəriyyə Babayev, Zülfüqar Zülfüqarov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev və başqaları Koalisiya rəhbərliyi tərəfindən təltif ediliblər.
Tədbir iştirakçılarına maarifləndirici flayerlər, buklet və kitabçalar paylanılıb.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə