QHT Koalisiyası Ədliyyə Nazirliyinin Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST-lə Əməkdaşlıq Mərkəzində tədbir keçirib
30 / 11 / 2018 07:51:17
Oxunma : 689

Vərəmlə mübarizə koalisiyasının budəfəki tədbiri Ədliyyə Nazirliyinin Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST-lə əməkdaşlıq mərkəzində keçirilib. Media nümayəndələrinin də iştirak etdiyi toplantı koalisiya üzvlərinin, həkim mütəxəssislərinin maraqlı çıxışları, müzakirələri ilə yadda qalıb.

QHT TV  xəbər verir ki, “Sağlamlığa Xidmət” İB-nin sədr müavini Pərvanə Vəliyeva əvvəlcə Vərəmlə Mübarizə Koalisiyasının fəaliyyəti və gördüyü işlər barədə ətraflı məlumat verib. O, son olaraq koalisiyanın Xaçmaz, Şəmkir, Masallıda, eləcə də Sumqayıtda keçirilən tədbirləri və müalicə müəssisələrində xəstələri ziyarətlərindən danışıb.

Pərvanə Vəliyeva həmçinin millət vəkilləri ilə görüşdən, həmin görüşlərin effektivliyindən bəhs edib. Təşkilat təmsilçisi onu da vurğulayıb ki, vərəmlə mübarizə koalisiyasının təşəbbüsü ilə sağalmış vərəmli xəstələrin hekayələrindən ibarət kitabça da çapdan çıxıb, məqsəd yenə də insanları vərəmin sağalan xəstəlik olduğuna inandırmaqdır.

Çıxış edən “Sağlamlığa Xidmət” İB-nin sədri, vərəmlə mübarizə koalisiyasının rəhbəri Elçin Muxtarlı Azərbaycanda vərəmlə bağlı vəziyyətə toxunub, Dərmana davamlı vərəm formasına görə Azərbaycanın 30 ölkə arasında yer aldığını, dünya üzrə Xəstəliyin 87%-inin məhz bu ölkələrin üzərinə düşdüyünü məlumat verib. Mütəxəssis vərəmlə mübarizədə advokasiyanın , media ilə əməkdaşlığın vacibliyini xüsusi olaraq qeyd edib.

Ədliyyə Nazirliyinin Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST-lə əməkdaşlıq mərkəzinin rəis əvəzi İradə Məmmədova deyib ki, vərəmin qədim zamanlardan məlum olmasına baxmayaraq xəstəliyin tibbi müalicəsinə ötən əsrin 50-ci illərinin sonlarında başlanılıb. Xəstəliyin gedişatı və müalicəsi ilə bağlı fikirlərini və tibbi təcrübəsini bölüşən İradə Məmmədova dərmana davamlı vərəmin yayılmasına səbəbin yanlış diaqnozların qoyulması, müalicəsinin yarımçıq aparılması, eləcə də dərmanların keyfiyyətsiz olduğunu vurğulayıb.

Ədliyyə Nazirliyinin pentisianar xidmətin ixtisaslaşmış müalicə müəssisəsinin baş hakimi Müsəllim Əmiraslanov cəzaçəkmə müəssisəsində vərəmli xəstələrinin vəziyyəti və müalicə proqramları barədə ətraflı məlumat verib. Yeni dərmanlardan istifadənin xəstələrin müalicəsində effektiv nəticələr göstərməsindən danışan baş həkim, vərəmin müalicəsində xəstələrə doğru yanaşmanın, psixoloji dəstəyin vacibliyini deyib. 2018-ci ilin bu gününədək cəzaçəkmə müəssisəsində 6 nəfərin xəstəlikdən dünyasını dəyişdiyini məlumat verən həkim həmin xəstələrin müalicəyə gec qoşulduğunu da qeyd edib.

“Sağlamlığa Xidmət” təşkilatının proqram koordinatoru, eləcə də yeni yaranmış “Vərəmsiz Gələlək” İB-nin rəhbəri Çingiz Ramazanlı vərəmdən qurtulmuş insanların həyat hekayələrindən söhbət açaraq, yeni yaranan ictimai birliyin artıq beynəlxalq konfranslarda təmsil olunduğunu deyib. Mütəxəssis vərəmlə mübarizədə ən əvvəl stiqmanın ardan qaldırılmsının vacib olduğunu vurğulayıb.

Koalisiyanın üzvləri, Qızıl Aypara Cəmiyyətinin vərəm üzrə ekspertləri Sona Hacıyeva, Mətanət Qaraxanova da çıxış edərək ötən əsrin sonlarında Azərbaycanda ilkin vərəmlə mübarizə işinin təşkilindən, o dövrün çətinliklərindən söhbət açıblar, onlar mübarizə işini bu gün də uğurla davam etdirildiyini qeyd ediblər.

Tədbirdə media adından çıxış edən QHT.az xəbər saytı və QHT TV internet televiziyasının rəhbəri Cəsarət Hüseynzadə cəmiyyətdə vərəm kimi problemlə mübarizədə medianın rolunun əvəzsiz olduğunu deyib. O, “Sağlamlığa xidmət” İB-nin gördüyü işlərin başqa QHT-lər üçün nümunə olmasını, medianın işgüzar QHT-lərin yanında hər zaman olacağını, maarifləndirmə, ictimai vəkillik işinə dəstək verəcəyini bildirib.

Tədbirin sonunda “Sağlamlığa Xidmət” İB-nin təşəbbüsü ilə hazırlanan və vərəmin sağalan xəstəlik olduğunu mesaj verən qısa bədii film təqdim olunub. Həmçinin yenicə çapdan çıxmış və sağalan xəstələrin hekayələrindən ibarət kitabça tədbir iştirakçılarına paylanıb.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə