Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib
20 / 04 / 2019 10:13:05
Oxunma : 2267

17 aprel Beynəlxalq Hemofiliya günü münasibətilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tədbir təşkil edib.

QHT TV xəbər verir ki, tədbirin açılışını təşkilata üzv balacalar edib. Ardınca çıxışçılar ölkədə hemofiliyanın vəziyyəti ilə bağlı maraqlı fikirlərini paylaşıblar.

Milli Məclisin deputatı Hadı Rəcəbli son illər ölkədə sosialyönümlü islahatların davam etdirildiyini bildirib. O vurğulayıb ki, ölkə rəhbəri və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və sosial problemlərin həllindəki fəaliyyəti nəticəsində bir çox uğurlar əldə edilib. Xüsusən, qanunvericilikdə sağlamlıq problemi yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün qanunlar yenilənib.

Çıxış edən Prezident yanında QHT-lərə Dövlət dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud məlumat verib ki, bu günə qədər dövlət şurası sosialyönümlü layihələrə xüsusi diqqət yetirib. Bu səbəbdən Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının təqdim etdiyi vacib məsələləri özündə əks etdirən layihələrə dəstək verilib. Ötən müddət ərzində təşkilatın hemofiliya məktəbinin təşkili, hemofiliyalı insanların ölkə üzrə məlumat elektron bazasının yaradılması kimi fəaliyyətlərəŞura tərəfindən maddi dəstək göstərilib. Elməddin Behbud təşkilatı Azərbaycanda öz işini uğurla davam etdirən nümunəvi vətəndaş cəmiyyəti təmsilçilərindən hesab etdiyini qeyd edib.

Kürsüyə çıxan Respublika elmi-praktiki Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova ölkədəki hemofiliya ilə bağlı vəziyyətdən söz açıb. O qeyd edib ki, ölkədə sosial təminatla bağlı həllini tapmış məsələlər arasında hemofiliyalı insanlara dəstəyi göstərmək olar. Mütəxəssis diqqətə çatdırıb ki, dispanser qeydiyyatında 1620(2018-ci ilin sonunadək) hemofilik var, onların çoxu Bakı, Sumqayıt, Mərkəzi Aran rayonlarının sakinləridir. 2018-ci ildə mərkəzə ambulator müalicə üçün 3789, stasionar şöbəyə 301 nəfər müraciət edib. İldən ilə stasionar müalicənin azaldığını diqqətə çatdıran Elmira Qədimova ötən il 22 xəstənin əməliyyatının uğurla aparıldığını qeyd edib.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədr müavini Ayaz Hüseynov ötən 20 ildən çox müddətdə təşkilatın uğurlarından söz açıb. O deyib ki, pasiyentlərin vaxtında dərman preparatlarla təminatı hər zaman əsas prioritet məsələ olub. Dövlət dəstəyi nəticəsində bir qisim problemlər aşılsa da, hələ də hemofiliyalı insanlara dəstəklə bağlı çətinliklər mövcuddur. Ayaz Hüseynov hemofiliyalı insanların əlillik qazanmaması, fəsadlar yaşamaması üçün görülən tədbirlərin davam etdiyini vurğulayıb. O həmçinin yeni yardılan elekton məlumat bankından, Şirvan, Gəncə, Naxçıvanda açılan hemofiliya mərkəzlərindən, həm tibb işçilərinin ixtisaslaşma, həm də valideynlərə psixoloji dəstək layihələrindən söhbət açıb.

Tədbirdə çıxış edən nüfuzlu dərman istehsalı şirkətinin ölkə üzrə rəhbəri Araş Nosrati hemofiliya ilə bağlı layihələrdən, Ombudsman aparatının rəsmisi Müqabil Mahmudov pasiyentlərin hüquqları və onlara edilən dövlət dəstəyindən danışıblar. Assosiasiyanın üzvü Nurəddin Abdullayev xəstəlik nəticəsində əlillik qazanmış insanlar üçün tam gücü ilə fəaliyyət göstərən Protez Mərkəzinin,reablitasiya mərkəzlərinin işi barədə məlumat verib.

Tədbir rəsmi dövlət nümayəndələrinin debatı ilə davam edib. Ünvanlanan suallar cavablandırılıb.
Daha sonra hemofiliya problemini işıqlandıran tərəfdaşlar təşkilat tərəfindən mükafatlandırılıb.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə