Humanitar təşkilatlar üçün məcburi dövlət sosial sığorta haqqı üzrə imtiyazların ləğv edilməsi müzakirə olunub
13 / 05 / 2019 09:24:58
Oxunma : 1596

MG Consulting şirkətinin  təşəbbüsü və Açıq Hökumət Platformasının təşkilatçılığı ilə dövlət qurumları və humanitar təşkilatların iştirakı ilə ötən ilin sonunda “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə bağlı görüş keçirilib.

QHT TV xəbər verir ki. tədbiri giriş sözü ilə açan Açıq Hökumət Platformasının koordinatoru, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, qəbul olunan dəyişiklik maraqlı tərəflərin mövqeyi öyrənilmədən və ictimai iştirakçılıq təmin olunmadan aparılıb. Nəticədə dəyişiklik  bir çox humanitar təşkilatların fəaliyyətində çətinliklər yaradıb. 

MG Consulting şirkətinin rəhbəri,  QHT qanunvericiliyi üzrə ixtisaslaşan hüquqşünas Məhəmməd Quluzadə çıxışında bildirib ki,   bu dəyişiklik nəticəsində Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası üzrə qeydiyyatda olan təşkilatlar üçün Dövlət Sosial Müdafiə Fonduna ödənişdən azadolma ləğv edilib.

Ekspert qeyd edib ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda 30 noyabr 2018-ci il tarixli dəyişiklik edilərək Qanunun 15-ci maddəsinin 18-ci abzasına “əcnəbilər üzrə” ifadəsi əlavə edilmişdi. Bunun nəticəsində humanitar təşkilatlar yalnız əcnəbi işçiləri üçün DSMF ödənişlərini ödəməkdən azaddırlar. 

1 yanvar 2019-cu il tarixdən etibarən humanitar təşkilatların yerli əməkdaşları üçün təşkilat tərəfindən əmək haqqı fondunun 15%-i DÖVLƏT Sosial Müdafiə Fonduna ödənilir.

Görüşdə o da qeyd olunub ki, bu dəyişiklik yerli əməkdaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir və onların pensiya təminatına zəmanət verir. Lakin bu təminatın maliyyə yükünün dövlət tərəfindən qarşılanması daha məqsədəmüvafiq olardı.

Tədbirdə çıxış edən SOS Uşaq Kəndinin milli direktoru Rəşad Hüseynov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və digər təşkilat rəhbərləri dəyişiklik barədə humanitar təşkilatlarla müzakirələr və məlumatlandırma aparılmadığı üçün təşkilatlar bu xərcləri 2019-cu ilin büdcəsinə daxil etmədiklərini və hal-hazırda ciddi mailliyə problemləri ilə üzləşdiklərini qeyd ediblər.

Tədbirdə iştirak edən Vergilər nazirliyinin, Əmək və əhalinin Sosial müdafiəsi Nazirliyinin  və İqtisadiyyat  Nazirliyinin nümayəndələri dövlət tərəfindən müvafiq sahələr üzrə aparılan islahatların məqsədi barədə məlumat veriblər və qeyd olunub ki, bu ləğvetmə dövlətlər arası müqavilələr əsasında fəaliyyət göstərən humanitar təşkilatların fəaliyyətinə şamil olunmur. Çünki, beynəlxalq müqavilələr yerli qanunvericilikdən üstün hüquqa malikdir. Dövlət qurumlarının nümayəndələri eyni zamanda qeyd ediblər ki, qaldırılan məsələ və təkliflər haqqında rəhbərliyə məlumat veriləcək.

Eyni zamanda qərar alınıb ki, tədbirdə  səslənən təkliflər MG Consulting şirkəti və Açıq Hökumət Platforması tərəfindən ümumiləşdirilib müvafiq dövlət orqanlarına təqdim ediləcək

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə