Bakıda qeyri-kommersiya sektoru üçün FATF standartlarının tətbiqi üzrə seminar keçirilib
20 / 12 / 2019 07:10:24
Oxunma : 6953

Dekabrın 18-də Bakıda Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Azərbaycan Açıq Hökumət Platformasının təşkilatçılığı, Qeyri-kommersiya hüququ üzrə Beynəlxalq Mərkəz və ABŞ İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti layihəsinin dəstəyi ilə “Qeyri-kommersiya sektoru üçün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının maliyyə tədbirləri üzrə işçi qrupu (FATF) standartlarının tətbiqi” mövzusunda beynəlxalq seminar keçirilib.




QHT.az xəbər verir ki, Açıq Hökumət Platformasının rəhbəri Əliməmməd Nuriyev seminarın məqsədinin QHT-lərin FATF standartları barədə məlumatlılığını artırmaq olduğunu deyib. Bildirilib ki, beynəlxalq seminar FATF-ın tövsiyələrində nəzərdə tutulan tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün bilik və bacarıqların artırılmasında əhəmiyyətli rol oynayacaq.

Maliyyə Monitorinqi Xidməti idarə heyətinin sədri Rövşən Nəcəf QHT-lərin terrorçuluğun maliyyələşdirilməsi sahəsində cinayətkarlar tərəfindən istifadə edilmə riski və QHT-lərin bu istiqamətdə həyata keçirəcəyi işlər barədə məlumat verib.

ABŞ İnkişaf Agentliyinin Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx çıxışında USAID-in Azərbaycanla əməkdaşlığının müsbət nəticələri və QHT-lərin bu istiqamətdə fəaliyyətinin əhəmiyyəti barədə danışıb.

Qeyri-kommersiya hüququ üzrə Beynəlxalq Mərkəzin vitse-prezidenti Natalia Bourjaili Azərbaycanda fəaliyyət göstərən QHT-lərin Avropa İttifaqı, BMT və USAID kimi terrorçuluğun maliyyələşdirilməsi və ya çirkli pulların yuyulması ilə mübarizə sahəsində mühüm tənzimləyici təşkilatlardan qrantlar aldığını və dövlətin mövcud risk qrupuna aid QHT-ləri daha çox diqqət mərkəzində saxlamalı olduğunu bildirib.

Tədbirdə, həmçinin Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti İdarəsinin rəisi Səbinə Salmanova çirkli pulların yuyulması sahəsində QHT-lərin öhdəlikləri, Maliyyə Monitorinqi Xidmətinin Hüquq departamentinin direktoru Azər Abbasov isə terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində vətəndaş cəmiyyəti təşkilatlarının öhdəlikləri ilə bağlı məruzə ediblər.

Seminarın FATF standartları və prosedurları ilə tanışlıq adlı I və II hissələrində beynəlxalq ekspertlər Vanja Skoric və Ben Evans tərəfindən qeyri-kommersiya sektoruna aid FATF standartları və prosedurlarının əhəmiyyəti qeyd edilib, FATF və MONEYVAL qurumları haqqında məlumat verilib.

Sonra tədbir iştirakçıları V raund MONEYVAL qiymətləndirməsinə hazırlıq və maraqlı tərəflərin cəlb edilməsi üçün əsas addımlar və imkanlar barədə müzakirələr aparıblar.

Beynəlxalq seminarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və bir sıra qeyri-hökumət təşkilatlarının 40-dan çox nümayəndəsi, beynəlxalq və yerli ekspertlər iştirak ediblər.




Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə