Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr olunmuş konfrans keçirilib
04 / 12 / 2021 19:45:02
Oxunma : 6684

Hazırda dünyada 37,2 milyon nəfər İİV-lə yaşayan xəstə var. Onların 1,7 milyonu 14 yaşına qədər olan uşaqlardır. Həmin xəstələrin 27,5 milyonu antiretovirus müalicəsi ilə əhatə olunub. Lakin İİV-lə yaşayan xəstələrin 27 faizi həmin müalicə ilə təmin olunmayıb.

Virusun anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədilə İİV-ə yoluxan hamilələrin 85 faizi antiretrovirus müalicəsinə cəlb edilib. 1997-ci illə müqayisədə İİV-ə yeni yoluxma halları iki dəfə azalıb və ötən il onların sayı 1,5 milyon nəfər olub. 2004-cü illə müqayisədə həmin xəstəlikdən həyatını itirənlərin sayı 10 faiz azalıb və ötən il onların sayı 640 min təşkil edib.

QHT.az xəbər verir ki, bu statistika Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr olunmuş konfransda səslənib.

“Bərabərsizliyə son. QIÇS-ə son. Pandemiyaya son!” şüarı altında keçirilən konfransda səhiyyə nazirinin müavini Rahim Əliyev, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva və BMT-nın rezident əlaqələndiricisi Vladanka Andreyeva son illər dünyada və Avropa ölkələrinə QIÇS-li xəstələrə göstərilən yardım kampaniyası, onların antiretrovirus preparatları ilə təminatı, müalicələrin əlçatanlığı haqqında, eləcə də ölkəmizdə bu sahədə görülən işlər, aparılan tədbirlər barədə bəhs ediblər. Qeyd olunub ki, QICS-li xəstələrin yalnız 73 faizi öz sağlamlıq vəziyyətindən xəbərdardır, 57 faizi antiretrovirus müalicələrlə təmin olunur, 48 faizində isə virusun məhdudlaşdırılması ilə əlaqədar tədbirlər görülür. İİV/QIÇS-li xəstəliyinin tibbə məlum olduğu 40 ilə yaxın dövrdə onun aradan qaldırılmasına səbəb olan vaksin tapılmayıb. Qlobal Fond son üç ildə xəstəliyə qarşı mübarizə aparılması üçün 17,3 milyon ABŞ dolları məbləğində vəsait ayırıb. Azərbaycan hökuməti də xəstəliklə mübarizə üçün qarşıdakı illərdə 20 milyon ABŞ dolları məbləğində vəsait ayırmağı nəzərdə tutub. Bütün bunlar 2030-cu ilədək ölkəmizdə QIÇS xəstəliyinin tamam aradan qaldırılmasını hədəfə alır.

 

Respublika QIÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov qeyd edib ki, son illər pandemiya şəraitinin yaratdığı şərait QIÇS xəstələrinin tibbi müalicəsinə də mənfi təsirini göstərib. Lakin buna baxmayaraq, həmin xəstələrə göstərilən tibbi xidmətlərin səviyyəsi yüksəlib, onların dərman preparatları ilə təminatı zəifləməyib. Mərkəzin direktorunun verdiyi məlumata görə, bu il dekabrın 1-dək 9 min 338 İİV-li xəstə müalicə-profilaktika müəssisələrində qeydiyyatdan keçib. Ölkəmizin Şirvan, Lənkəran və Astara bölgələrində daha çox xəstə həmin virusun daşıyıcısıdır. İndiyədək yoluxanların 1673 nəfəri Rusiyada bu xəstəliyə mübtəla olub, onlardan 103 nəfəri bu il yoluxub.

 

Famil Məmmədov deyib: “Əgər 2007-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş cəmi 94 xəstədən 50 nəfəri antiretrovirus dərman preparatları ilə təmin olunurdusa, 2020-ci ildə 5848 xəstədən 5618-i, bu il isə 7033 xəstədən 6179 nəfəri həmin preparatlarla təmin olunub. Ötən il xəstələrin 92 faizinin ambulator müşahidəsi həyata keçirilib. Ötən il 51, bu ilin 11 ayında isə 50 nəfər xəstə həyatını itirib. Vəfat edənlərin 85,8 faizi kişilər, 14, 2 faizi isə qadınlardır”.

 

Konfransda çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin rəhbəri Hande Harmançı, Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri Məlahət İbrahimqızı və Kamilə Əliyeva, Ədliyyə Nazirliyinin ÜST-lə Əməkdaşlıq Mərkəzinin rəhbəri İradə Məmmədova, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova, AİDS-lə Mübarizə İctimai Birliyinin sədri Nofəl Şərifov ölkəmizdə QIÇS-lə mübarizə sahəsində hökumət və qeyri-dövlət təşkilatlarının əməkdaşlığı, mərkəz və laboratoriyaların işinin yaxşılaşdırılması, gənclər və yeniyetmələr arasında virusun ziyanlı təsirinə yönələn reklam təbliğatının gücləndirilməsi ilə əlaqədar öz fikirlərini söyləyiblər.

 

 

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə